BAKI, 29 noyabr. TELEQRAF
“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli Formula 1 üzrə Qətər Qran-prisində finiş xəttini birinci keçib.
Teleqraf xəbər verir ki, yarışda ikinci yeri Antonellinin komanda yoldaşı, britaniyalı Corc Rassell tutub. “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri isə üçüncü olub.
Ümumi çempionat sıralamasında liderliyini daha əvvəl təmin edən Antonellinin hesabında hazırda 427 xal var. Qətər mərhələsindən sonra ikinci pillədə 316 xalla “Red Bull” komandasının niderlandlı pilotu, dördqat dünya çempionu Maks Ferstappen qərarlaşıb.
Üçüncü yer uğrunda isə üç britaniyalı pilot mübarizə aparır. Corc Rassell 282 xalla üçüncü, “Ferrari”nin pilotu Lüis Hemilton 275 xalla dördüncü, “McLaren”in üzvü Lando Norris isə 274 xalla beşincidir.
Konstruktorlar Kubokunda “Mercedes” 709 xalla birinci, “Ferrari” 531 xalla ikinci yerdədir. “Red Bull” və “McLaren” komandaları isə hərəyə 456 xal toplayaraq növbəti pillələri bölüşürlər.