BAKI, 29 noyabr. TELEQRAF

Energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələrinin video-konfrans formatında keçirilən 42-ci Nazirlər Görüşündə iştirak edib.

Teleqraf xəbər verir ki, Azərbaycan görüşdə maksimum dayanıqlı hasilat gücünün (MSC) qiymətləndirilməsinin nəticələrinin 2027-ci il üçün hasilatın baza səviyyələrinin müəyyənləşdirilməsində əsas kimi götürülməsi ilə bağlı qərara qoşulub.

Görüşdə neft bazarındakı mövcud vəziyyət və qeyri-müəyyənliklər nəzərə alınaraq, məsləhətləşmələrin və bazar şəraitinin qiymətləndirilməsinin davam etdirilməsi qərara alınıb. Bəzi iştirakçı ölkələrin müraciətləri əsasında müstəqil məsləhətçi ilə əlavə müzakirələrin 2027-ci ilin mart ayının sonunadək yekunlaşdırılması razılaşdırılıb.

Növbəti dövr üçün hasilat səviyyələri barədə qərarın MSC qiymətləndirməsinin nəticələri əsasında 6 iyun 2027-ci ildə keçiriləcək 43-cü Nazirlər Görüşündə, yaxud bazar şəraiti imkan verərsə, daha əvvəl qəbul edilməsi nəzərdə tutulur.

İclasda Azərbaycanın cari ilin iyul ayında OPEC-in Əməkdaşlıq Xartiyası (CoC) üzrə Texniki Komitəsinin ilk iclasına ev sahibliyi etməsi də yüksək qiymətləndirilib və ölkəmizə təşəkkür bildirilib.