BAKI, 29 noyabr. TELEQRAF
Çinin süni intellekt sahəsində ABŞ-ni geridə qoyması Amerika iqtisadiyyatı və maliyyə institutları üçün ciddi problemlərə səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett danışıb.
CNN-ə müsahibəsində Hassett ABŞ-nin süni intellekt yarışında Çinə uduzmasının ölkə iqtisadiyyatı və maliyyə sistemi üçün dağıdıcı nəticələr doğura biləcəyini bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi bu texnoloji rəqabətdə ikinci yerdə qalmamaqdır.
Hassett, həmçinin ABŞ-nin qabaqcıl süni intellekt çiplərinin ixracına nəzarəti daha da sərtləşdirə biləcəyini vurğulayıb.
O qeyd edib ki, əvvəllər əvvəlki nəsil çiplərin satışına icazə verilsə də, ən müasir və güclü çiplərin ixracı məhdudlaşdırılıb. Əgər yeni nəsil çiplərin birbaşa və ya məlumat mərkəzləri vasitəsilə dolayı yolla arzuolunmaz tərəflərin əlinə keçməsi ilə bağlı məlumatlar təsdiqlənərsə, ixrac nəzarəti daha da gücləndirilə bilər.