BAKI, 10 mart. TELEQRAF
Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uсa dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm!
B.Vahabzadə
Azərbaycanın ictimai və elmi həyatında dərin iz qoymuş ziyalı qadınlardan olan Əsmətxanım Məmmədova milli-mənəvi dəyərlərlə vətəndaş məsuliyyətini öz şəxsiyyətində birləşdirən görkəmli simalardandır. Şərqşünas alim, pedaqoq, ictimai xadim və deputat kimi fəaliyyət göstərmiş Əsmətxanım Məmmədova uzun illər ictimai-mədəni irsin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl, prinsipial və sədaqətli mövqe nümayiş etdirib.
Əsmətxanım Məmmədova barəsində ayrı-ayrılıqda bir qadın-ana kimi, bir Hacıxanım kimi, pedaqoq, alim, tərcüməçi, dilci, şərqşünas, ictimai xadim kimi, ən azından bir həmyerlim kimi çox danışa bilərəm. Amma mən bu keyfiyyətləri özündə cəmləşdirən dəyərli bir ömrün dürüst yoluna ümumi nəzər almaq istədim.
“Hacıxanım Əsmətxanım”ı tanımayan az olar, onun adı çəkilərkən hər kəsin xəyalında canlanan obraz xanım-xatınlıq, ismətlilik, işgüzarlıq, pozitivlik və xeyli sayda yüksək keyfiyyətlərlə assosisasiya olunur. Etiraf edək ki, bir fərd olaraq Əsmətxanım Məmmədova ictimai mühitdə yalnız tutduğu mövqeyə görə deyil, mədəniyyəti və fərqli-ləyaqətli duruşu ilə xüsusi fərqlənir. Onun sakit, ölçü-bişili davranışı, daxili intizamı və özünəməxsus təmkini bu fərqliliyin əsas göstəricilərindəndir.
Belə bir fikir var ki, ad təkcə müraciət vasitəsi deyil, xüsusi sehrə-təsirə malik sosial-psixoloji bir koddur, bir ömrün mənəvi xəritəsidir. Bu nəcib insanın daşıdığı adla həyat tərzi arasındakı uyğunluq onun şəxsiyyətindən yüksək hörmət və ehtiramla bəhs edilməsini şərtləndirir. “Paklıq, təmizlik, abır, həya”, digər mənası isə “müdafiə, təəssüb, himayə, qoruma” bildirən bu ad onun şəxsində tam mənasıyla özünü doğruldur. “Xanım” isə Şərq mədəniyyətində yalnız qadın adı deyil, ləyaqət, təmkin və hörmət rəmzidir, bir tituldur.
Bu iki anlayışın vəhdəti Əsmətxanım Məmmədovanın ömür yolunda qazandığı elmi, ictimai və mənəvi mövqeyini dolğun şəkildə əks etdirir.
Abşeronun suyundan, havasından, ya nədəndirsə, burada doğulub boya-başa çatan hər kəsin dünyagörüşündə mühafizəkarlıqla tərəqqisevərlik, müasirliklə ənənə vəhdət təşkil edir. Əsmətxanım Məmmədovanın şəxsində də bunu görmək mümkündür. Həcc ziyarəti, Məkkədə yaşadığı o İlahi hüzur bir insan, bir alim və ictimai xadim kimi onun daşıdığı məsuliyyətə daha dərin vicdan, səbir və ədalət duyğusu qatıb. 30 ildən artıqdır ki, o, ictimaiyyət arasında daha çox hicablı deputat kimi tanınır. Onun hicablı olması adının daşıdığı mənəvi yükü tamamlayır.
Hicab onun üçün zahiri bir atribut deyil, daxili inancın, təvazökarlığın və mənəvi bütövlüyün ifadəsidir. Şərq qadınına xas olan bu davranış forması özündə ləyaqəti, müdrikliyi, aydın təfəkkürü, qətiyyəti təcəssüm etdirir ki, bunların hamısını bu nəcib xanımda müşahidə etmək mümkündür.
Əsmətxanım Məmmədova alim-şərqşünas fəaliyyəti ilə Şərq mədəniyyətinin - dilinin və ədəbi irsinin nəzəri-elmi əsaslarla qorunması və müasir düşüncəyə ötürülməsi istiqamətində xeyli iş görüb. Bu mədəni irsə o, yalnız tədqiqat obyekti kimi deyil, canlı mənbə kimi yanaşıb, elmi ideyaları bəşəryyətin maddi-mənəvi mirası kimi qəbul edib. Bu dəyərli alimin fəaliyyəti yalnız akademik çərçivə ilə məhdudlaşmayıb, bu zəngin irsin müasir cəmiyyətə dəyərli şəkildə təqdiminə yönəlib.
Əsmətxanım Məmmədova ulu Şərqin dil qatlarına yüksək elmi duyumla nüfuz edərək mədəniyyətlərarası dialoq qurmağa səy göstərib. O, fars dilinin incəliklərini tədqiqata cəlb etməklə həm də milli-mədəni düşüncənin inkişafına dəyərli töhfələr bəxş etməyi bacarıb.
Əsmətxanım Məmmədovanın deputat fəaliyyətinə gəldikdə isə hamıya yaxşı bəllidir ki, bu işi o, status və imtiyaz kimi deyil, ağır məsuliyyət və xidmət borcu kimi dərk etmişdi. Sosial ədalət, ailə dəyərləri, qadının cəmiyyətdəki rolu və təhsil məsələləri daim onun diqqət mərkəzindəydi. Bu mövqedə o, səs-küydən uzaq, lakin prinsipial və ardıcıl xətti ilə seçilir, ictimai-siyasi fəaliyyətində də elmdə qazandığı təcrübəni və mənəvi prinsipləri rəhbər tuturdu.
İllərin və həyat təcrübəsinin verdiyi kamillik Əsmətxanım Məmmədovanı yalnız keçmişin deyil, bu günün də dəyərli simasına çevirir. Əsmətxanım Məmmədova bu gün də gərgin fəaliyyəti ilə gənc nəsilə yalnız bir alim və ya millət vəkili kimi deyil, həm də bir şəxsiyyət kimi nümunədir. O, elmlə iman arasında ziddiyyət deyil, vəhdət görən, müasirliklə ənənəni bir-birini tamamlayan dəyərlər kimi özündə ehtiva edən bir ziyalı obrazıdır.
Daha səmimi olub demək istədiyim bir neçə söz də var. Həyatla dolu olan Əsmətxanımı bir də səfər zamanı görmək lazımdır. İnsanpərvərliyi, sözə, musiqiyə həssas duyumu, geniş dünyagörüşü, həyat təcrübəsi, gözəl qəlbi, ən əsası isə gözəlliyi və şarmı ilə hamının diqqətini cəlb edən bu ünsiyyətcil xanımla yola çıxmaq bir şans məsələsidi.
Şimali Kiprdə keçirilən, ulu Mövlanaya həsr edilmiş X Beynəlxalq Rumi konfransında bu xoşbəxtlik mənə də nəsib oldu. Həmin tədbirdən yaddaşımda həkk olunmuş digər bir xatirə isə onun övladı, dəyərli Fidan xanımla həmkar olaraq birgə iştirakı idi. Bu işgüzar səfərdə peşə bağlılığından əlavə onların ana-bala münasibətləri bu ziyalı xanımı mənə ailə başçısı obrazında daha yaxından tanıtdırdı. Orada mən Əsmətxanımın şəxsində əsl azərbaycanlı Ananı, Qadını, Ağbirçək xanımı, gözəl bir dostu və əlbəttə, çox təvazökar bir alimi gördüm. Elə bir ana ki, o adın məsuliyyətilə ətrafındakılara ana şəfqətilə yanaşmağı bacarırdı. Elə bir qadın ki, “yoluyla, yerişiylə” hamıya nümunə ola bilirdi. Elə bir ağbirçək ki, aydın təfəkkürü, iti fəhmi və güçlü məntiqi ilə ətrafındakıları himayə edərək düzgün öyüd-məsləhət verirdi.
Bir kəlmə ilə deyim ki, Hacıxanımla bir yerdə zaman keçirmək “həyatı həyat kimi yaşayan” uğurlu bir qadından yaşam və həyat dərsi öyrənməkdir.
Bu sətirləri eyni coğrafi və mənəvi mühitdən çıxmış bir həmyerli məsuliyyəti ilə tamamlayaraq öncə ürəkdən "maşallah" deyir, ona yaşının bu müdrik çağında uzun, bərəkətli, hüzur dolu bir ömür və möhkəm can sağlığı arzulayıram. Fikirlərimi Hacıxanım Əsmətxanımın adı gələndə qəlbimdə duyduğum pozitiv ovqatın əks-sədası olaraq məşhur şeirin növbəti poetik notları ilə yekunlaşdırmaq istəyirəm:
Göydə qurub çağı da, dan yeri də gözəldir,
Həyatın sevinсi də, kədəri də gözəldir.
Həyat bir сıdır düzü, bir döyüş meydanıdır,
Hər kəsi öz сürəti, öz hünəri tanıdır!
Aytac Zeynalova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dillər Universiteti