BAKI, 10 may. TELEQRAF
Ölkədə olan məktəblərin 90%-i ya yenidən təmir olunub, ya da yenidən tikilib.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məktəblərin böyük qismində vəziyyət yaxşıdır:
"Birinci təmir etməyə çalışdığımız məktəblər böyük həcmli məktəblərdir. Çünki həmin məktəblər təhsil baxımından daha çox uşağın həyatını dəyişir. Daha çox böyük məktəblərə fokuslanmağa çalışmışıq. Həmçinin modul məktəblər də tikməyə çalışırıq. Qəzalı məktəblə müqayisədə modul tipli məktəb irəliyə doğru bir addımdır. Bu il 100-dən artıq modul tipli məktəbin tikintisi nəzərdə tutulub. Bu işlər müəyyən ardıcıllıqla və müəyyən alqoritmlə görülür".
Nazirin sözlərinə görə, bu, tədricən baş verən prosesdir:
"Eyni anda bütün məktəblərin tikintisini həyata keçirmək fiziki olaraq qeyri-mümkündür. Cəmiyyət son 10-15 il əvvəlki məktəblərin durumuna baxsa, bugünkü məktəblərlə müqayisədə dəfələrlə çox və əsaslı fərq var. İqtisadi vəziyyətdən və maliyyə vəziyyətindən də asılı olaraq bir neçə ilə digər məktəblərə də çata bilərik".