BAKI, 15 oktyabr. TELEQRAF
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatının yekunlarıyla açıqlama verib.
Teleqraf federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, o, Azərbaycan komandasının çıxışından razı qaldığını bildirib.
“Yarış kişi şahmatçılardan ibarət komandamız üçün sabit alındı. Şahmatçılarımız son tur ərəfəsində məğlub olmayan yeganə komanda idi və təəccüblü deyil ki, birinci yerdə qərarlaşmışdılar. Təəssüflər olsun ki, 9-cu turda istədiyimiz nəticə alınmadı. Ümumiyyətlə şahmatda son turun öz qəribəlikləri var. Son turda oyunlar daha tez başlayır, şahmatçılar yorğun olur və səhvlərin sayı artır. Ona görə çempionatı yüksək səviyyədə keçirən Şəhriyar son partiyada bir dəqiqəlik konsentrasiyanı itirdi. Bu yorğunluqla bağlıdı, unutmayaq ki, Şəhriyar ardıcıl 9 turda mübarizə apardı. Bizim həm kişilər, həm də qadın şahmatçılardan ibarət komandalarda 9 tur oynayan yalnız Şəhriyar oldu və əsl lider olduğunu göstərdi. Komandada hər bir şahmatçı haqqında danışmaq olar. Avropa çempionatında ikinci yeri böyük uğur hesab edirəm. Əlbəttə qızıl medal daha yaxşı nəticədi. Azərbaycan komandası üç dəfə Avropa çempionu olub və dördüncü dəfə qızıl medal qazanacağımıza böyük ümid var idi”, - deyə Məmmədov söyləyib.
AŞF rəhbəri Avropa çempionatında çıxış edən qadın şahmatçıların nəticəsi barədə də fikirlərini bildirib: “Turnir onlar üçün enişli-yoxuşlu oldu. Xeyli xal payladılar rəqib komandalara. Halbuki qadın şahmatçılarımız çempionata çox yüksək səviyyədə hazırlıq keçmişdilər. Bildiyiniz kimi Günay Məmmədzadə ailə vəziyyətinə görə müvəqqəti olaraq komandada çıxış etmir. Biz onun tezliklə komandaya qayıdacağına ümid edirik. Ümumiyyətlə komandada realizə olunmayan məqamlar kifayət qədər oldu. Azərbaycan komandası öz böyük potensialını göstərdi. Mənim fikrimcə optimal formada olsaydılar, üstün olduqları oyunlarda xallar qazanılsaydı çempionatı 1 və ya 2-ci yerdə başa vurmaq olardı. Son iki qitə çempionatında qadın şahmatçılarımız bürünc və gümüş medallar qazanıb. Əfsuslar olsun bu dəfə mükafatçılar sırasında yer almadılar. Amma biz bundan nəticə çıxarmalıyıq və daha çox işləməliyik”.