
BAKI, 16 aprel. TELEQRAF
Azərbaycan Şahmat Federasiyası (AŞF) ilk dəfə olaraq bütün ölkəni əhatə edəcək "Azərbaycan Şahmat Turu" layihəsini həyata keçirəcək.
AŞF-dən Teleqraf-a verilən məlumata görə, 2025-ci ildə ilk dəfə reallaşacaq "Azərbaycan Şahmat Turu"nda ölkədə şahmat üzrə 8 beynəlxalq açıq yarış təşkil olunacaq.
Bütün yarışlar beynəlxalq xarakter daşıyacaq və ölkə üzrə şahmatçıların təcrübəsini artırmağa imkan verəcək.
Şahmat turu Bakıdan başlayacaq. Aprelin 28-dən etibarən paytaxtda “Bakı Open” beynəlxalq şahmat festivalına start veriləcək. 18-25 iyun tarixlərində “Şəki Open”, 26 iyun-3 iyulda “Şamaxı Open”, 06-13 iyulda “Lənkəran Open”, 15-22 iyulda “Quba Open”, 11-18 noyabrda isə “Gəncə Open” və 19-26 noyabrda “Şirvan Open” keçiriləcək.
“Azərbaycan Şahmat Turu” çərçivəsində həm də “Vüqar Həşimov Open” turniri baş tutacaq.
Qeyd edək ki, bütün turnirlərdə yerli şahmatçılarla yanaşı, həm də xarici iştirakçıların o cümlədən beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır.