
BAKI, 15 mart. TELEQRAF
Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalı baş tutacaq.
Teleqraf xəbər verir ki, festivaldan öncə şahmat dünyasının əfsanəvi simalarından biri, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıya səfər edəcək. Hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov arasında turnirin 27 - 30 apreldə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalı 27 aprel - 6 mayda "Baku Crystal Hall"da keçiriləcək. Şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq.
Qeyd edək ki, festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir.