
Ukraynanın şərqindən həyəcanlı xəbərlər gəlməkdə davam edir
Bu gün Ukraynanın Luqansk vilayətinin Rovenki şəhərində separatçılar dinc əhalini müxtəlif təhdidlərlə antiterror əməliyyatları əleyhinə mitinqdə iştiraka vadar ediblər.
Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, mitinqdə iştirakdan imtina edən şaxtaçılar “Luqansk Xalq Respublikası” yaraqlılarının təzyiqinə və təhdidlərinə məruz qalıb.
Separatçılar mədənlərin qarşısına gələrək, fəhlələri və şaxtaçıları mitinqə çıxmayacaqları təqdirdə onları mədənlərlə birlikdə partladacaqları ilə hədələyiblər. Onlar zorakılıqla binalara, evlərə daxil olaraq, əhalinin “etiraz” mitinqində “kütləvi” iştirakını silah gücünə təmin etməyə çalışıblar.
Eyni zamanda, nəqliyyatın qarşısı kəsilərək, insanlar məcburi şəkildə şəhərin mərkəzi meydanında toplaşmağa vadar edilib. Terrorçular etirazçıların dövrəsinə qadınları, uşaqları yerləşdirərək, bildiriblər ki, milli qvardiyanı məhz belə qarşılayacaqlar. Separatçılar dinc əhalini Ukrayna silahlı qüvvələrinə qarşı “canlı sipər” kimi istifadə etmək niyyətində olduqlarını gizlətməyiblər.
Nail Cəlil