BAKI, 26 iyul. TELEQRAF
İyulun 24-dən 26-dək Göygöl rayonunun Xan Yaylağında V Milli Yaylaq Festivalı keçirilib.
Teleqraf xəbər verir ki, açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, gənclər və idman naziri Fərid Qayıbov, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, layihə rəhbəri Müzadil Həsənov çıxış ediblər.
Daha sonra tədbir bədii proqramla davam edib. Proqram çərçivəsində milli musiqi nümunələri səsləndirilib, müxtəlif rəqs kompozisiyaları nümayiş olunub.
Üç gün davam edən festival çərçivəsində Xan Yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Burada müxtəlif etnoidman növləri üzrə xüsusi sahələrdə idmançıların maraqlı çıxışları nümayiş etdirilib.
Bundan əlavə, festival çərçivəsində idman zonasında Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan səyyar “Sağlam həyat” layihəsi də iştirakçılar tərəfindən maraqla qarşılanıb. İdman həvəskarları, xüsusilə uşaqlar layihəyə qoşularaq müxtəlif idman növlərində öz bacarıqlarını sınayıb, asudə vaxtlarını faydalı və əyləncəli keçiriblər.
***
24 iyul
12:24
Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində keçirilən V Milli Yaylaq Festivalı başlayıb.
Teleqraf xəbər verir ki, festival ənənəvi olaraq bu il beşinci dəfə təşkil olunur.
Tədbir Göygöl Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Dünya Etnoidman Konfederasiyasının və digər tərəfdaş qurumların dəstəyi ilə “Cavad Xan” Tarix və Mədəniyyət Fondu və “KAP.AZ” MMC-nin birgə təşəbbüsü əsasında keçirilir.
Festival çərçivəsində ziyarətçilər üçün xalçaçılıq nümunələrinin sərgisi, sənətkarlıq guşəsi, oxatma, atçılıq, zorxana kimi milli idman növləri, etnospor üzrə məşqlər, uşaqlar üçün əyləncə məkanları, konsert proqramları, aşıq musiqisi və folklor çıxışları təşkil edilib. Bundan başqa, yorğa atlarının nümayişi, kəndirbazların və alov püskürənlərin çıxışları, eləcə də milli mətbəx nümunələrinin təqdim olunduğu “Yaylaq süfrəsi” festival iştirakçılarının ixtiyarına verilib.
Qeyd edək ki, V Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi iyulun 25-də baş tutacaq.