BAKI, 29 noyabr. TELEQRAF

BMT-nin humanitar məsələlər üzrə baş katibinin müavini Tom Fletçer Qəzza zolağında “Sərhədsiz Həkimlər” (MSF) təşkilatının klinikasına endirilən İsrail zərbəsi nəticəsində iki əməkdaşın həlak olmasından hiddətləndiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tom Fletçer sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, cari həftə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bir əməkdaşı da hücum nəticəsində həyatını itirib, daha üç nəfər yaralanıb.

Fletçer beynəlxalq humanitar hüququn xəstəxanaların, klinikaların, tibb işçilərinin və humanitar yardım əməkdaşlarının qorunmasını tələb etdiyini vurğulayıb.