BAKI, 7 noyabr. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi son 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı apararaq regiondakı vəziyyəti, həmçinin ABŞ və İsrailin addımlarının mümkün nəticələrini müzakirə edib.

Teleqraf xəbər verir ki, A.Əraqçi bu barədə “Instagram” hesabında paylaşım edib.

Nazirin sözlərinə görə, Oman, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Kipr, Türkiyə, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, İraq və Pakistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışığı aparılıb.

Əraqçi bildirib ki, məsləhətləşmələr zamanı dövlətlərin milli suverenliyinə hörmət, təhdid və təcavüzün dayandırılması, dağıdıcı xarici müdaxilənin rədd edilməsi, eləcə də regional ölkələrinin qeyri-sabitliyin yayılmasının qarşısını almaq məsuliyyəti vurğulanıb.

O, həmçinin İranın öz suverenliyini və milli təhlükəsizliyini qorumaq hüququna malik olduğunu qeyd edib. Nazir regiondan kənar güclərin müdaxiləsi olmadan regional təhlükəsizlik mexanizmlərinin yaradılmasının vacibliyini də diqqətə çatdırıb.