BAKI, 7 noyabr. TELEQRAF

Pekin ABŞ-nin Kuba ilə əməkdaşlıq bəhanəsi ilə Çin şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaların iki ölkə arasında ticarət və iqtisadi münasibətlərin sabitliyini pozduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin bəyanatında bildirilib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, son vaxtlar ABŞ Çinə qarşı sanksiya təzyiqini artırıb və Çin şirkətlərinin hüquq və maraqlarına ciddi zərər vuran bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Bildirilib ki, bu addımlar iki ölkə liderlərinin əldə etdiyi mühüm razılaşmalara ziddir. Eyni zamanda Çin-ABŞ ticarət-iqtisadi münasibətlərinin sabitliyini sarsıdır.

Çin Ticarət Nazirliyi ABŞ-nin üçüncü tərəflərlə əlaqələrini bəhanə gətirərək Çin şirkətlərinə qarşı birtərəfli sanksiyalar tətbiq etməsinə qəti etirazını bildirib. Qeyd olunub ki, bu cür tədbirlər beynəlxalq hüququ və beynəlxalq münasibətlərin fundamental prinsiplərini pozur.

Pekin Vaşinqtonu yanlış addımlarını düzəltməyə çağırıb və qanuni hüquq və maraqlarını qorumaq üçün zəruri tədbirlər görmək hüququnu özündə saxladığını bəyan edib.