BAKI, 14 sentyabr. TELEQRAF
İran rəhbərliyindəki sərt xətt tərəfdarları iyulda Hörmüz boğazında ticarət gəmilərinə hücum təşkil etməklə ABŞ ilə atəşkəs razılaşmasının əldə olunmasına mane olublar.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) İran rəsmiləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələrinə istinadən məlumat yayıb. NYT-nin araşdırmasına görə, hücum zamanı üç ticarət gəmisi atəşə tutulub, Qətərə məxsus mayeləşdirilmiş təbii qaz tankerlərindən biri yanıb. (NewsCord)
Nəşrin məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian hücum barədə əvvəlcədən məlumatlandırılmayıb. Hadisədən xəbər tutduqdan sonra o, SEPAH rəhbərliyindən izahat tələb edib.
İran üzrə ekspert Əlirza Nəmvər Həqiqi bildirib ki, gəmilərə hücumun məqsədi ABŞ Prezidenti Donald Trampla əldə edilmiş anlaşma memorandumunu pozmaq olub.
İranda aparılan daxili araşdırma nəticəsində hücum qərarına görə ABŞ ilə razılaşmaya qarşı çıxan sərt xətt tərəfdarlarının məsuliyyət daşıdığı qənaətinə gəlinib.
Hadisədən sonra İran rəhbərliyi daxilində ciddi fikir ayrılıqlarının yarandığı, eskalasiyanın tərəfdarı olan qüvvələrin mövqelərinin isə gücləndiyi bildirilir.