BAKI, 17 avqust. TELEQRAF

Hindistanın şimal-şərqində yerləşən Bihar ştatında dini mərasim zamanı yaranan izdiham nəticəsində azı 7 nəfər həyatını itirib, onlarla insan xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli polisə istinadən ANI agentliyi məlumat yayıb.

Hadisə bazar ertəsi səhər Aşok Dham məbədinin yaxınlığında baş verib. Bihar polis rəisinin müavini Şivam Kumarın sözlərinə görə, ilkin ehtimala əsasən, elektrik xəttinin dirəyi aşıb və bir neçə nəfəri elektrik cərəyanı vurub. Bundan sonra insanlar arasında təşviş yaranıb və izdiham baş verib.

“Yeddi nəfərin öldüyü barədə məlumat daxil olub. Hadisənin dəqiq səbəbi bütün şərait araşdırıldıqdan sonra müəyyən ediləcək”, - Şivam Kumar bildirib.

Hadisə nəticəsində onlarla insanın yaralandığı, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, həmin vaxt məbədin ətrafına hindu tanrısı Şivanın şərəfinə dua etmək və su ilə ritual yuyunma mərasimində iştirak etmək üçün çoxlu sayda insan toplaşıb. İlkin hesablamalara əsasən, ərazidə təxminən 50 min zəvvar olub.

Qeyd edək ki, Aşok Dham məbədində daha əvvəl də oxşar hadisə yaşanıb. 2019-cu ildə hindular üçün müqəddəs sayılan Şravan ayında keçirilən ziyarət zamanı yaranmış izdihamda azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.