BAKI, 17 avqust. TELEQRAF
İran hakimiyyəti ABŞ və İsrailin atəşkəsə nail olmaq istiqamətində səylərinin müvəqqəti xarakter daşıdığını və tərəflərin yeni hərbi qarşıdurmaya hazırlaşdığını düşünür.
Teleqraf xəbər verir ki, bu barədə adı açıqlanmayan rəsmilərə və kəşfiyyat məlumatlarına istinadən “The Wall Street Journal” (WSJ) qəzeti yazıb.
Nəşrin məlumatına görə, Tehranda hesab edirlər ki, hazırkı danışıqlar yalnız “yeni münaqişədən əvvəl fasilə” ola bilər. İran tərəfi iyunda imzalanmış anlaşma memorandumunu ABŞ və İsrailin qlobal iqtisadiyyata, xüsusilə enerji bazarlarına təzyiqi azaltmaq və növbəti mərhələyə hazırlaşmaq üçün vaxt qazanmaq cəhdi kimi qiymətləndirir.
WSJ yazır ki, Tehran mümkün yeni hücumlara cavab verməyə hazırlaşır. Nəşrin fikrincə, bu vəziyyət tərəflər arasında dərin qarşılıqlı etimadsızlığın qaldığını göstərir və yaxın zamanda davamlı razılaşmanın əldə edilməsini çətinləşdirə bilər.
Qeyd olunur ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
Lakin iyulun 8-nə keçən gecə ABŞ İranın Hörmüz boğazı ilə bağlı razılaşmaları pozduğunu əsas gətirərək ölkəyə genişmiqyaslı zərbələri bərpa edib.
Avqustun 2-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan güclü hücumun razılaşma əldə etmək məqsədilə ləğv edilməsinə razılıq verdiyini açıqlayıb. Trampın sözlərinə görə, Tehran və bir sıra ərəb paytaxtları Vaşinqtondan hücumdan çəkinməyi istəyib, çünki tərəflər mümkün gələcək razılaşmanın əsas konturları üzrə anlaşmışdılar.
Bununla belə, WSJ-nin məlumatına görə, Tehran qarşıdurmanın yenidən alovlana biləcəyi ehtimalını yüksək qiymətləndirir və buna hazırlaşır.