BAKI, 16 avqust. TELEQRAF
ABŞ-nin rəhbərlik etdiyi Sülh Şurası HƏMAS silahsızlanmağa başladığı halda İsrailin Qəzza zolağından qoşunlarını müvafiq şəkildə çıxarmasını və anklava humanitar yardımın çatdırılmasını sürətləndirməsini tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb.
Sülh Şurası HƏMAS-dan silahlarını təhvil verməyə və hərbi infrastrukturu ləğv etməyə başlamasını, Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi üçün beynəlxalq qüvvələrin yerləşdirilməsinə icazə verməsini, həmçinin anklavın bərpası və yenidən qurulmasına kömək göstərməsini tələb edir.
“Axios”un məlumatına görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner avqustun 16-da Misirdə ölkə rəhbəri və HƏMAS nümayəndələri ilə görüşüb. Görüşdə məqsəd tərəfləri silahsızlanma ilə bağlı öhdəlikləri yerinə yetirməyə inandırmaq olub.
Tərəflər Qəzza zolağında hakimiyyətin texnokrat hökumətinə verilməsi və HƏMAS-ın anklavın gələcək idarəçiliyində hər hansı rolunun olmamasının təmin edilməsi məsələlərini də müzakirə ediblər.