BAKI, 12 avqust. TELEQRAF
Avropada əsrin ilk tam Günəş tutulmasını izləmək üçün yüz minlərlə turistin səfərə çıxması bir sıra şəhərlərdə otel qiymətlərinin kəskin bahalaşmasına səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” qəzeti “Lighthouse Intelligence” turizm və hotelçilik məlumatları qrupunun göstəricilərinə istinadən yazıb.
Ən böyük qiymət artımlarından biri İslandiyanın paytaxtı Reykyavikdə qeydə alınıb. Şəhər avqustun 12-də tam Günəş tutulmasını izləmək üçün əlverişli məkanlardan biri hesab olunur.
Reykyavikdə bir gecəlik otel otağının orta qiyməti 793 dollara çatıb. Bu, ötən ilin eyni günü ilə müqayisədə 98 faiz artım deməkdir.
İspaniyada da Günəş tutulması ilə əlaqədar turist axınının kəskin artacağı gözlənilir. Ölkənin Maliyyə Nazirliyinin hesablamasına görə, tutulmanı izləmək məqsədilə İspaniyaya 460 min xarici turist gələcək.
İspaniyanın şimalındakı A-Korunya şəhərində otel qiymətləri ötən illə müqayisədə 135 faiz bahalaşaraq orta hesabla 451 dollara çatıb. Mayorkada qiymətlər 24 faiz artaraq təxminən 448 dollar təşkil edib. Santyaqo-de-Kompostelada bahalaşma 34, Bilbaoda isə 67 faiz olub.
Günəş tutulmasının müşahidə ediləcəyi marşrut üzərində yerləşən kiçik şəhər və kəndlərdə yaşayış yerlərinin bir neçə ay əvvəldən rezervasiya edildiyi bildirilir.
Turist axını İspaniyada əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə də səbəb olub. Avqustun 12-də ölkədə adi günlə müqayisədə 1,5 milyon əlavə avtomobil səfərinin həyata keçiriləcəyi gözlənilir.
Quraqlıq və meşə yanğınları riskini nəzərə alan İspaniya hakimiyyəti təhlükəsizliyin təmin edilməsi üçün 35 min polis əməkdaşının cəlb olunacağını açıqlayıb. Yol kənarlarında və quru bitki örtüyünün yaxınlığında avtomobillərin saxlanılması, eləcə də manqal qalamaq və atəşfəşanlıq etmək qadağan edilib.
Məlumata görə, bu il İspaniyada meşə yanğınları artıq təxminən 200 min hektar ərazini məhv edib. Bu göstərici ötən ilin eyni dövründəkindən altı dəfə çoxdur.
Tutulmanı hadisə yerində izləyə bilməyənlər üçün ABŞ-nin NASA kosmik agentliyi İspaniyanın şimal-qərbindəki Vilyalibado kəndində dörd güclü teleskop quraşdırıb. Hadisənin canlı yayımını 10 milyondan çox insanın izləyəcəyi gözlənilir.