BAKI, 30 iyul. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi Kipr hökumətini İrana qarşı mümkün əməliyyatlarda ərazisindəki xarici hərbi bazalardan istifadəyə icazə verməməyə çağırıb.
Teleqraf xəbər verir ki, Kipr xarici işlər naziri Konstantinos Kombos ilə telefon danışığında Əraqçi bildirib ki, BMT Baş Assambleyasının təcavüzün tərifi ilə bağlı qətnaməsinə əsasən, bir ölkəyə qarşı hücumların hazırlanması və ya həyata keçirilməsi məqsədilə başqa bir ölkənin ərazisinin verilməsi təcavüz aktında iştirak hesab edilə bilər.
İranın xarici işlər naziri Kiprdə yerləşən xarici hərbi obyektlərin "düşmən qüvvələr" tərəfindən İrana qarşı əməliyyatlar üçün istifadə edilməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Kombos da öz növbəsində Kiprin BMT Nizamnaməsinə və beynəlxalq hüquq prinsiplərinə sadiq olduğunu bəyan edib. O həmçinin bildirib ki, Nikosiyanın Britaniya hökuməti ilə əlaqəsi var və adadakı Britaniya hərbi bazalarının İran da daxil olmaqla heç bir ölkəyə qarşı istifadə olunmayacağına dair zəmanət alıb.
Qeyd edək ki, Britaniyanın Kiprdə iki hərbi bazası var.