BAKI, 24 iyul. TELEQRAF

“Qarabağ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın ÇSKA klubuyla qolsuz bərabərə qalıb (0:0).

Oyundan sonra Ağdam təmsilçisinin ispaniyalı yarımmüdafiəçisi Joni Montiel Teleqraf-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Oyunla bağlı fikirləriniz necədir?

- Çətin oyun olacağını gözləyirdik və elə də oldu. Düşünürəm ki, xüsusilə ikinci hissədə daha yaxşı çıxış etdik. İndi hər şey cavab görüşündə həll olunacaq.

- Cavab oyunundan gözləntiləriniz nədən ibarətdir?

- Bu mərhələdə mübarizə aparan bütün komandalar güclüdür. Onlar ötən mövsüm öz çempionatlarında uğurlu çıxış etdikləri üçün Avropa Liqasına vəsiqə qazanıblar. ÇSKA da güclü rəqibdir. Dediyim kimi, hər şey cavab oyununda müəyyənləşəcək. Burada bizdən də çox şey asılıdır.

- İkinci hissədə meydana çıxanda azarkeşlər sizi alqışlarla qarşıladılar. Belə qarşılanmanı gözləyirdiniz?

- Xeyr, açığı bunu gözləmirdim. Bu münasibət mənim üçün də xoş sürpriz oldu. Ümumiyyətlə, burada olduğum müddətdə həm mənə, həm də həyat yoldaşıma və ailəmə hər zaman isti münasibət göstəriblər. Buna görə də həmişə demişəm ki, burada çox xoşbəxtəm. “Qarabağ”da olduğum müddətdə də komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm.

- Bundan əvvəlki avrokubok oyununun iştirak ərizəsinə adınız salınmamışdı. Hətta əvəzedici komandaya göndərildiyiniz barədə xəbərlər yayılmışdı. Bu barədə nə deyə bilərsiniz?

- Oynamadığım müddətdə haqqımda çoxlu həqiqətə uyğun olmayan xəbərlər yayıldı. Xüsusilə də guya nizam-intizam problemlərim olduğu barədə iddialar dolaşdı. Belə xəbərlər həm mənə, həm də ailəmə çox pis təsir edir. Mən indiyədək çıxış etdiyim heç bir komandada nizam-intizamla bağlı problem yaşamamışam. Sadəcə, bu, baş məşqçinin qərarı idi. Heyətdə çoxlu futbolçu var və hamı özünü göstərməyə çalışır. Son qərarı məşqçi verir və biz də buna hörmətlə yanaşmalıyıq.

- “Qarabağ”da qalacaqsınız?
- 100 faiz, bəli.

- Hazırda durumunuz necədir?

- Hazırda fiziki durumumu yaxşılaşdırmağa çalışıram. Bildiyiniz kimi, ötən mövsümün sonunda zədə aldım və əməliyyat olundum.

Buna görə də mövsümün əvvəlindən komandayla tam hazırlaşa bilmədim. Futbolçunun yaxşı formada olması üçün müntəzəm oyun praktikası çox vacibdir. Hazırda həmin prosesi keçirəm və zaman keçdikcə daha yaxşı vəziyyətdə olacağam.

- Komandaya çoxlu yeni futbolçu cəlb olunub. Heyətdə yerinizi itirməkdən narahat deyilsiniz?

- Əksinə, yeni futbolçuların gəlməsi komandanın xeyrinədir. Rəqabət nə qədər güclü olsa, bu, bir o qədər müsbət haldır. Bizim işimiz məşqlərdə maksimum gücümüzlə çalışmaq və baş məşqçinin seçim etməsini çətinləşdirməkdir. Kimin oynayacağına isə məşqçi qərar verir. Bu da Qurban Qurbanovun işidir.