BAKI, 21 iyul. TELEQRAF
Cari ilin I yarısında “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində 1 034 müəssisə qeydiyyatdan keçib, altsistem vasitəsilə 8 559 hesabat təqdim olunub.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, təqdim olunan hesabatların 1 315-i aylıq, 7 244-ü rüblük hesabat olub.
Hesabat dövründə 466 müəssisə 2026-cı il üçün təsdiqlənmiş büdcə hesabatı, 532 müəssisə 2027-ci il üçün dividend proqnozu hesabatı, eləcə də 654 müəssisə növbəti il üçün büdcə proqnozu hesabatını təqdim edib.
Qeyd edək ki, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemi dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin rüblük əsaslarla monitorinqini və icra göstəricilərinin təhlilini, həmçinin bu məqsədlə müəyyən edilmiş büdcə və maliyyə göstəriciləri barədə məlumatların əldə olunmasını təmin edir.