BAKI, 18 iyul. TELEQRAF
Venesuela hakimiyyəti Beynəlxalq Valyuta Fondundakı (BVF) ölkəyə məxsus 346 milyon ABŞ dolları məbləğində vəsaitə çıxış əldə edib. Bu vəsait iyunda baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.
teleqraf xəbər verir ki, bu barədə Venesuela Prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigez "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, ayrılan vəsait zəlzələdən zərər çəkmiş ailələrə yardım göstərilməsi, yaşayış evlərinin bərpası, mühüm infrastruktur obyektlərinin təmiri və əsas kommunal xidmətlərin fəaliyyətinin bərpasına sərf olunacaq.
Delsi Rodrigez göstərilən dəstəyə görə BVF-nin icraçı direktoru Kristalina Georgievaya təşəkkürünü bildirib.
Qeyd edək ki, Venesuelada iyunun 24-də təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ baş verib. İyulun 17-nə olan məlumata görə, təbii fəlakət nəticəsində 5 069 nəfər həlak olub, 16 740 nəfər yaralanıb, 17 907 nəfər evsiz qalıb. Bundan başqa, 190 bina tamamilə dağılıb, 856 bina ciddi ziyan görüb. Hazırda 21 235 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, zəlzələdən sonra isə 1 331 afterşok qeydə alınıb.