BAKI, 17 iyul. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının cənubundakı HƏMAS hərəkatının hərbi qanadının komandirlərindən birini öldürüb. O, Xan Yunis briqadasında təbliğatdan məsul olub və 7 oktyabr 2023-cü ildə İsrailə hücumdan sonra Fələstin anklavında israilli girovların saxlanmasında iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmin şəxs əvvəllər HƏMAS liderlərinin təhlükəsizliyinin təmin edilməsindən məsul olub.

Bildirilir ki, SAXALA Xan Yunis bölgəsinə hücum edərək HƏMAS-ın bölük komandiri Ənəs Mahmud Əhməd Həmdanı öldürüb. Həmdan İsrail girovlarının ələ keçirilməsində əsas rol oynayıb və girovların azad edilməsi barədə razılaşmaların bir hissəsi olaraq onların Qəzza zolağına köçürülməsində və İsrailə qaytarılmasında iştirak edib.

İsrail ordusunun məlumatına görə, Həmdan həmçinin HƏMAS-ın Xan Yunis Briqadasının təbliğat fəaliyyətindən məsul olub.