BAKI, 17 iyul. TELEQRAF
Elektron Hökumət İnformasiya Sisteminin strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılır.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsinin həyata keçirilməsində, o cümlədən ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda iştirakı ilə əlaqədar proseslərin optimallaşdırılması, bu sahədə fəaliyyətin təşkilində və icrasında rəqəmsal texnologiyalardan istifadə etməklə səmərəliliyin və operativliyin artırılması və “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 433-VIIQD nömrəli Qanununun icrası məqsədilə Elektron Hökumət İnformasiya Sisteminin strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılır.
Altsistem vasitəsilə aşağıdakılar təmin edilir:
"2.1. “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi;
2.2. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş ictimai iştirakçılıq formalarının həyata keçirilməsi.
3. Altsistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi altsistemin formalaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görsün.
6. Bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsində iştirak edən dövlət orqanlarına (qurumlarına) tapşırılsın, Azərbaycan Respublikasının Milli Məclisinə və yerli özünüidarəetmə orqanlarına tövsiyə olunsun ki, həmin fəaliyyətin altsistem vasitəsilə həyata keçirilməsini təmin etmək, o cümlədən sahibi və (və ya) operatoru olduqları müvafiq informasiya sistemlərini və ehtiyatlarını təkmilləşdirmək üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə doqquz ay müddətində zəruri tədbirlər görsünlər.
7. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 8, maddə 757; 2026, № 1, maddə 24, № 3, maddə 224) ilə təsdiq edilmiş “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
7.1. 1-ci hissə üzrə:
7.1.1. 1.2-ci bənddə “və açıq informasiyaya çıxış imkanını” sözləri “, açıq informasiyaya çıxış və vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun və dövlət idarəetməsində ictimai iştirakçılığın həyata keçirilməsi imkanlarını” sözləri ilə əvəz edilsin;
7.1.2. 1.4-cü bənddə “3.1.8-ci” sözləri “3.1.9-cu” sözləri ilə əvəz edilsin;
7.2. 3-cü hissə üzrə:
7.2.1. 3.1.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.1.9-cu yarımbənd əlavə edilsin:
“3.1.9. “Elektron iştirakçılıq” altsistemi.”;
7.2.2. aşağıdakı məzmunda 3.14-1-ci bənd əlavə edilsin:
“3.14-1. “Elektron iştirakçılıq” altsistemi aşağıdakıları təmin edir:
3.14-1.1. “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsini;
3.14-1.2. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş ictimai iştirakçılıq formalarının həyata keçirilməsini.”;
7.3. aşağıdakı məzmunda 4.7-1-ci bənd əlavə edilsin:
“4.7-1. “Elektron iştirakçılıq” altsisteminə “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” və “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan məlumatlar ötürülür, bu mümkün olmadığı halda daxil edilir.”.