BAKI, 17 iyul. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi prosesi davam etdirilir.
Teleqraf xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə III investisiya müsabiqəsi bu il aprelin 30-da elan edilib, iyunun 15-də sənəd qəbulu başa çatıb. Ümumilikdə müsabiqədə iştirak üçün 193 subyekt müraciət edib.
Üçüncü investisiya müsabiqəsi ilə bağlı iyulun 14-də investisiya komissiyasının iclası keçirilib, müsabiqənin iştirakçıları və qalibləri müəyyən edilib. Müsabiqə iştirakçısı hesab edilən sahibkarlıq subyektləri SMS vasitəsilə məlumatlandırılıb. Qalib elan edilmiş sahibkarlıq subyektlərinin məlumatlandırılması prosesi mərhələli şəkildə davam etdirilir.