BAKI, 17 iyul. TELEQRAF

Türkiyə Ticarət Nazirliyinin Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi olaraq gömrük sistemində texniki düzəlişlər apardığı bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyinin saytında məlumat yayıb.

Bundan sonra Ermənistanla üçüncü ölkələr vasitəsilə idxal, ixrac və tranzit əməliyyatları üçün gömrük bəyannamələrində rəsmi Ermənistan kodu "077" istifadə edilə bilər. Müvafiq dəyişikliklər artıq Türkiyə gömrük (BILGE) sistemində edilib.

Bu proses çərçivəsində Türkiyədən üçüncü ölkəyə və oradan Ermənistana göndərilən malların son təyinat yerini və ya mənşəyini "Ermənistan/Türkiyə" kimi göstərmək mümkün olacaq.

Mənbənin məlumatına görə, Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi hazırda təxminən 335-350 milyon dollar təşkil edir. Məqsəd qısa müddətdə bu rəqəmi 1 milyard dollara çatdırmaqdır.