BAKI, 17 iyul. TELEQRAF

2026-cı il dünya çempionatının İspaniya – Argentina final matçı təxirə salına bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Ole” nəşri məlumat yayıb.

Buna səbəb Kanadada davam edən meşə yanğınlarıdır. Son saatlarda tüstü ölkənin bir neçə şəhərinə, eləcə də ABŞ-nin şimal ştatlarına yayılıb. Sağlamlıq üçün təhlükə yaradan zəhərli hava kütləsinin futbolçular, məşqçilər və azarkeşlər üçün risk yaratdığı bildirilir.

Artıq Çikaqoda açıq havada keçirilməsi nəzərdə tutulan bəzi tədbirlər, o cümlədən MLS-in çempionatı çərçivəsində keçirilməli olan “Çikaqo Fayr” – “Vankuver Uaytkəps” oyunu (17 iyul) ləğv edilib.

Tüstünün hələ də dağılmaması və yaxın vaxtlarda da vəziyyətin dəyişməsinin gözlənilməməsi fonunda Nyu-Cersidəki “MetLife” stadionunda keçiriləcək DÇ-2026 finalının taleyi ilə bağlı narahatlıqlar yaranıb.

Finalın təxirə salınması ehtimalı yüksək olmasa da, belə bir variant istisna edilmir. Havanın çirklənmə səviyyəsi iştirakçıların sağlamlığı üçün təhlükə yaradarsa, FIFA-nın yarış cədvəlində dəyişikliklərin qiymətləndirilməsi ilə bağlı xüsusi protokolları mövcuddur.

Hazırda isə finalın vaxtının dəyişdirilməsi ilə bağlı FIFA tərəfindən rəsmi açıqlama verilməyib.