BAKI, 17 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp onun vətəndaşlara müraciətini canlı yayımlamayan televiziya kanallarının yayım lisenziyalarının ləğv olunmasını təklif edib.
Teleqraf xəbər verir ki, Trampın çıxışı əsasən ABŞ-də seçki proseslərinə mümkün xarici müdaxilə iddialarına həsr olunub.
ABŞ lideri müraciətini birbaşa yayımlamaqdan imtina edən telekanalları sərt tənqid edib. O bildirib ki, həmin media qurumları çıxışın mövzusunu əvvəlcədən bildikləri üçün yayım həyata keçirməyiblər.
“Onlar mövzunun nə olduğunu bilirdilər. Sadəcə bu mövzunu sevmədikləri və sistemin nə qədər korrupsiyalaşdığını ictimaiyyətə göstərmək istəmədikləri üçün yayım aparmadılar. Onlar və bəzi digər media qurumları bu sövdələşmənin bir hissəsidir”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, belə davranış telekanalların yayım lisenziyalarının ləğvi ilə nəticələnməlidir.
Tramp çıxışında həmçinin Çini ABŞ-də seçki proseslərinə genişmiqyaslı təsir göstərməyə çalışmaqda ittiham edib.
Buna cavab olaraq Çinin Vaşinqtondakı səfirliyi iddiaları rədd edib. Səfirliyin sözçüsü Lyu Çan bildirib ki, Pekin hər zaman digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalıb.
“ABŞ seçkiləri Birləşmiş Ştatların daxili işidir. Onun nəticəsini Amerika xalqı müəyyən edir. Çin heç vaxt ABŞ prezident seçkilərinə müdaxilə etməyib və etməyəcək”, - deyə diplomat vurğulayıb.