BAKI, 17 iyul. TELEQRAF

Bitkiçilik məhsullarının ixracı 490 min tona çatıb.

Teleqraf xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev altı ayın yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, bu say ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% (49 703 ton) artıb.

Əli Nəbiyev əlavə edib ki, ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiya daxil olmaqla 20-dən çox adda heyvan mənşəli məhsul ixrac olunur:

"Çinə akvakultura, yabanı dəniz məhsulları və quş əti ixracını əhatə edən 3 protokol imzalanıb. 39 müəssisəmizin 65 məhsulu Çinin CIFER elektron reyestrində qeydiyyatdan keçib".

O vurğulayıb ki, idxal və ixrac prosesləri “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) vasitəsilə tam rəqəmsallaşdırılıb: "Bu gün Azərbaycan 70-dən çox ölkəyə məhsul ixrac edir".