BAKI, 17 iyul. TELEQRAF
Qətər hakimiyyəti ölkənin İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyə razılıq verməsi ilə bağlı İsrail mediasında yayılan məlumatları qəti şəkildə təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin Beynəlxalq Media Ofisinin yaydığı bəyanatda bildirilib.
“Qətər Dövləti İsrail KİV-lərində dərc olunan və guya ölkənin İran İslam Respublikasına qarşı hərbi əməliyyatlarda iştirak etməyə razılıq verdiyini iddia edən yalan məlumatları qətiyyətlə rədd edir”, - bəyanatda qeyd olunub.
Sənəddə vurğulanıb ki, bu cür məlumatların yayılması Qətəri münaqişəyə cəlb etməyə, onun vasitəçilik missiyasına xələl gətirməyə və regionda gərginliyi daha da artırmağa yönəlib.
Qətər rəsmiləri bir daha bəyan ediblər ki, Doha münaqişənin əvvəlindən etibarən heç bir qonşu ölkəyə qarşı hərbi əməliyyatlarda iştirak etməyib və gələcəkdə də iştirak etməyəcək.
Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra bölgədə vəziyyət kəskinləşib. Sonrakı aylarda tərəflər arasında əldə olunan atəşkəs razılaşması pozulub və iyul ayında Hörmüz boğazında kommersiya gəmilərinə hücumlar fonunda qarşıdurma yenidən alovlanıb. Bundan sonra ABŞ İran ərazisindəki hədəflərə zərbələr endirməyə başlayıb.