BAKI, 17 iyul. TELEQRAF
Son vaxtlar gənclər, xüsusilə də yeniyetmələr arasında energetik içkilərin istehlakının artdığı müşahidə olunur.
Teleqraf xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova altı ayın yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, istehlakçılar arasında keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 72 faizi energetik içki olmayan məhsulları energetik içki kimi qiymətləndirib.
"Yəni, istehlakçılar məhsulun energetik içki olub-olmamasını onun tərkibinə deyil, marketinq elementlərinə, vizual dizaynına və qablaşdırılmasına əsasən müəyyən ediblər. Bununla əlaqədar agentlik tərəfindən bazarda monitorinq aparılıb, ölkəyə idxal olunan bütün energetik içkilərdən, eləcə də yerli istehsal və idxal olunan müxtəlif alkoqolsuz içkilərdən nümunələr götürülüb. Nümunələrin etiket məlumatları təhlil edilib və laborator müayinələr həyata keçirilib".
V. Sadıxova vurğulayıb ki, monitorinqin nəticələri istehlakçı sorğusunun nəticələrini təsdiqləyib:
"Araşdırma zamanı müəyyən edilib ki, məhsulların 50 faizindən çoxunun qablaşdırılmasında güc, dominantlıq və aqressiyanı simvolizə edən heyvan təsvirlərindən, enerji, güc və yüksək performansı ifadə edən sözlərdən, emblemlərdən, işarələrdən və digər vizual elementlərdən istifadə olunub.
Bununla əlaqədar müvafiq dövlət qurumlarına rəsmi müraciətlər göndərilib, birgə əməkdaşlıq çərçivəsində zəruri tədbirlərin görülməsi təklif olunub. Eyni zamanda agentlik tərəfindən sahibkarlarla görüşlər keçirilib, qanunvericiliyin tələbləri onlara ətraflı izah edilib".