BAKI, 17 iyul. TELEQRAF
Bir sıra sosial şəbəkə platformalarında şəxsi istifadə məqsədilə ölkəyə gətirilmiş və ya poçt vasitəsilə sifariş olunmuş qida məhsullarının qanunsuz şəkildə satışa çıxarıldığı aşkar edilib.
Teleqraf xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova altı ayın yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, bu tendensiyanın ən qabarıq müşahidə olunduğu sahələrdən biri idmanla bağlı qidalardır.
"Belə məhsulların hətta idman zallarında və idman mallarının satışı ilə məşğul olan mağazalarda satılması hallarına rast gəlinir", - o vurğulayıb.
Onun sözlərinə görə, eyni zamanda, bioloji aktiv qida məhsullarının da qanunsuz satışının həyata keçirildiyi hallar aşkar edilir: "Daha narahatedici məqamlardan biri isə xüsusilə qadınlara yönəlmiş arıqlama çayları, qəhvələri, şokoladları və digər oxşar məhsulların sosial şəbəkələr vasitəsilə geniş şəkildə satışının təşkil olunmasıdır".
V. Sadıxova agentlik tərəfindən həmin məhsullardan nümunələr götürülərək laborator müayinələr aparıldığını qeyd edib:
"Təəssüf ki, müayinə olunan bütün nümunələrdə insan sağlamlığı üçün ciddi təhlükə yaradan sibutramin və sildenafil maddələri aşkar edilib.
Sibutramin ürək-damar sisteminə ciddi mənfi təsirləri səbəbindən dünyanın bir çox ölkəsində, o cümlədən dərman vasitələrinin tərkibində istifadəsi qadağan edilmiş aktiv maddədir. Bundan əlavə, kişilər üçün nəzərdə tutulmuş bəzi məcun və şokolad məhsullarının tərkibində bəyan edilməyən sildenafil maddəsi də aşkarlanıb. Bu səbəbdən agentlik istehlakçılara belə məhsulları almamağı, əldə etdikləri halda isə onlardan qətiyyən istifadə etməməyi tövsiyə edir".