BAKI, 17 iyul. TELEQRAF
Kanadada davam edən genişmiqyaslı meşə yanğınlarından yayılan sıx tüstü ABŞ-ın Nyu-York şəhərini bürüyüb.
Teleqraf xəbər verir ki, tüstü şəhərə hələ çərşənbə günü çatıb, cümə axşamı axşam saatlarında isə daha da sıxlaşıb. Nəticədə görünüş məsafəsi bir neçə kilometrdən yüzlərlə metrədək azalıb, havada yanıq qoxusu hiss olunmağa başlayıb.
"IQAir" platformasının məlumatına əsasən, Nyu-Yorkda hava keyfiyyəti indeksi 208-ə yüksəlib. Bu göstərici sağlamlıq üçün çox zərərli səviyyə kimi qiymətləndirilir. Bir gün əvvəl həmin göstərici 179 olub.
Nyu-York ştatının qubernatoru Keti Hokul daha əvvəl xəbərdarlıq edərək bildirmişdi ki, meşə yanğınlarından yaranan tüstü ilə isti hava şəraitinin birləşməsi bölgədə havanın keyfiyyətinə mənfi təsir göstərəcək. Sakinlərə səhhətlərinə diqqət yetirmək və ehtiyat tədbirləri görmək tövsiyə olunub.
Kanada hakimiyyətinin məlumatına görə, hazırda ölkə ərazisində 800-dən çox meşə yanğını qeydə alınıb. Onlardan təxminən 100-nün nəzarət altına alınması hələ mümkün olmayıb.