BAKI, 17 iyul. TELEQRAF
ABŞ-nin İranın Bəndər-Xomeyni şəhərinə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı yeddiyə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində daha doqquz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda xilasedicilər və tibb işçiləri yaralılara yardım göstərirlər.
Agentlik bildirir ki, Bəndər-Abbas və Lar şəhərləri arasında nəqliyyatın hərəkəti məhdudiyyətlərlə bərpa olunub. Sürücülərə həmin marşrut üzrə səfərlərdən mümkün qədər çəkinmək tövsiyə edilib.
Qeyd edək ki, Fars daha əvvəl ABŞ qüvvələrinin Bəndər-Xomeyni şəhərinə zərbələr endirdiyini xəbər vermişdi. Hücum nəticəsində iki körpünün zədələndiyi bildirilir.
***
02:00
ABŞ-nin İranın cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı iki mülki şəxs həlak olub, daha yeddi nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.
Məlumata görə, həlak olanlardan biri və yaralanan yeddi nəfər Bəndər-Abbas liman şəhərində yerləşən yaşayış məhəlləsində olub. Bildirilir ki, zərbə birbaşa mülki tikililərin yerləşdiyi əraziyə endirilib.
Həmçinin Bəndər-Xəmir şəhərində ABŞ aviasiyasının hədəfi iki körpü olub. İlkin məlumata əsasən, hadisə zamanı mülki avtomobilin sürücüsü həyatını itirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni zərbələr dalğasının başladığını açıqlamışdı.