BAKI, 15 iyul. TELEQRAF
"Bundan düz 10 il əvvəl ölkəmiz tarixinin ən önəmli gecələrindən birini yaşadı. 2016-cı il iyulun 15-də FETÖ terror təşkilatının üzvləri xalqımızın iradəsini və demokratiyamızı hədəf aldı, dövlət qurumlarına və parlamentimizə hücum etdi".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə Bakıda keçirilən tədbirdə video müraciətdə deyib.
"İstanbulun rəmzlərindən olan Boğaz körpüləri FETÖ terror təşkilatının üzvləri tərəfindən işğal edildi. Lakin dövlətimiz və xalqımız birlik nümayiş etdirərək bu qanlı çevriliş cəhdinə qarşı qəhrəmancasına müqavimət göstərdi. Xalqımız küçələrə axışaraq çevriliş cəhdinə "yox" dedi. Xəyanət şəbəkəsi 253 vətəndaşımızı şəhid etdi, minlərlə insanımız isə yaralandı. 15 iyul 2016-cı il gecəsi xalqımızın gələcəyinə istiqamət verən tarixi bir gecə oldu.
Biz həmin gecə qazanılan zəfəri ilk anlardan etibarən qətiyyətli və müstəqil siyasi mövqeyi ilə liderlik nümayiş etdirən Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyinə borcluyuq. İstanbulda, Ankarada və Türkiyənin dörd bir yanında milyonlarla insan Prezidentimizin çağırışına səs verdi, küçələrə çıxdı və milli iradəsini qorudu.
Türk milləti tarix boyu azadlığına və müstəqilliyinə bağlılığı ilə tanınmış bir millətdir. Minillik tariximizdə əsarətə, xəyanətə və alçaq oyunlara boyun əymək olmayıb. 15 iyulda bu tarixi missiya bir daha öz təsdiqini tapdı. Türkiyənin suverenliyini və müstəqilliyini təhdid edən hər cür təhlükəyə qarşı mübarizə aparacaq gücü vardır.
Daxildən təhdid yaradan və xaricdən dəstək alan FETÖ şəbəkəsi tariximizdə qarşılaşdığımız ilk təhlükə deyil. Türk milləti müxtəlif dövrlərdə belə ağır sınaqlardan keçmiş və hər zaman bu imtahanlardan üzüağ çıxıb. Bu gün biz FETÖ şəbəkəsinin izlərini dövlətimizdən və ölkəmizdən silmişik.
Bunu edərkən böyük bədəllər ödədik. Çətin və keşməkeşli günlər yaşadıq. Lakin nə qədər çətin olsa da, Türkiyə Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə suverenliyinə yönəlmiş bu cür təhdidlərin öhdəsindən gələcək gücə malikdir.
Kənardan nə qədər dəstək alsalar da, biz ölkəmizə yönəlmiş təhlükələr qarşısında birlik nümayiş etdirməyi bacardıq və bundan sonra da bacaracağıq. Bu gün Türkiyənin beynəlxalq səviyyədə ekstradisiyasını tələb etdiyi FETÖ üzvləri müxtəlif ölkələrdə yaşayır və təəssüf ki, dəstək görürlər. Türkiyənin dostu olan və bu dostluğu qarşılıqlı şəkildə inkişaf etdirmək istəyən bütün ölkələrə çağırışımız budur: Xalqımızın suverenliyini və demokratiyamızı hədəf alan bu cür strukturlara qarşı dostlarımızın yanımızda olmasını və vəfa hissi ilə davranmasını gözləyirik.
Çünki FETÖ yalnız Türkiyənin milli təhlükəsizliyi ilə bağlı problem deyil. Fəaliyyət göstərdiyi hər bir ölkə üçün açıq təhlükə mənbəyidir. 15 iyul çevriliş cəhdi terror təşkilatlarının və hibrid təhdidlərin bu gün nə qədər mürəkkəb formalarda ortaya çıxa bildiyini göstərdi.
Bu gün qlobal miqyasda bütün cəmiyyətlər manipulyasiyalar və dərinləşən həqiqət böhranı ilə üz-üzədir. Media narrativləri cəmiyyətlərin gerçəklik qavrayışını kölgədə qoya bilir. Buna görə də fərqli coğrafiyalarda yaşasaq da, eyni problemlərlə qarşılaşdığımızı dərk etməli, qlobal problemlərə birlikdə həll yolları axtarmalıyıq. Türkiyənin 15 iyul təcrübəsi bu baxımdan ümumbəşəri əhəmiyyət daşıyır.
Gəlin birlikdə qorxunun yerini ümidin, qarşıdurmanın yerini əməkdaşlığın, qütbləşmənin yerini qarşılıqlı anlaşmanın aldığı, daha ədalətli beynəlxalq nizamın mümkün olduğu bir gələcəyi təsəvvür edək. Sözlərimin sonunda 15 iyul şəhidlərini rəhmətlə yad edir, qəhrəman qazilərimizə dərin minnətdarlığımı bildirirəm.Bu mənalı proqramın təşkilinə töhfə verən və iştirakı ilə tədbirə dəyər qatan hər kəsə təşəkkür edir, hamınızı hörmətlə salamlayıram", - deyə B.Duran əlavə edib.