BAKI, 15 iyul. TELEQRAF
1995-ci ildən Azərbaycanın iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 128 milyard ABŞ dollarını ötüb. Bunun 22 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İnvestorlarla Əlaqələr şöbəsinin müdiri Emin Quliyev Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda deyib.
O qeyd edib ki, 2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 49 milyard dollar təşkil edib:
“Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rol oynayır. Orta Dəhliz Çin və Avropa arasında yükdaşımaların müddətini 70 faizə, Şimal-Cənub dəhlizi isə ənənəvi marşrutlarla müqayisədə 60 faizə qədər azaldır.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükötürmə gücü 15 milyon tondur. Limanın genişləndirilməsinin ikinci mərhələsindən sonra bu göstəricinin 25 milyon tona, konteyner emalı gücünün isə ildə 500 min TEU-ya çatdırılması planlaşdırılır.
Azərbaycanda 1 700 hektardan çox sənaye zonası yaradılıb. Bu zonalara 5 milyard ABŞ dollarından çox investisiya cəlb olunub və 20 mindən artıq yeni iş yeri açılıb. Rezidentlərə 10 il müddətinə vergi və gömrük güzəştləri təqdim edilir”.