BAKI, 15 iyul. TELEQRAF
Slovakiya şirkətləri Azərbaycan bazarını araşdırmaq, öz təcrübələrini bölüşmək və uzunmüddətli biznes tərəfdaşlıqları qurmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı Agentliyinin (SARIO) Xarici Ticarət Departamentinin rəhbəri Daniel Ondruš Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda çıxışında deyib.
O qeyd edib ki, forum kənd təsərrüfatı və qida emalı, maşınqayırma, müdafiə sənayesi, su təsərrüfatı, infrastruktur, energetika, mədən sənayesi, informasiya və kommunikasiya texnologiyaları da daxil olmaqla müxtəlif sahələri təmsil edən Slovakiya şirkətlərindən ibarət güclü nümayəndə heyətini bir araya gətirib:
“Bu, son üç ildə SARIO tərəfindən Azərbaycana təşkil olunan artıq dördüncü tədbir və ya biznes missiyasıdır. Biz bunu Slovakiya şirkətlərinin Azərbaycana artan marağının və ölkələrimiz arasında iqtisadi əlaqələrin davamlı şəkildə möhkəmlənməsinin bariz göstəricisi kimi qiymətləndiririk”.