BAKI, 15 iyul. TELEQRAF
Meksika hökuməti ABŞ Narkotiklərlə Mübarizə Administrasiyasının (DEA) rəhbəri Terri Koulun ölkə hakimiyyətinin narkokartellərlə əlaqədə olması barədə səsləndirdiyi iddiaları qəti şəkildə rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə Meksikanın hüquq-mühafizə orqanlarının birgə məlumat bülletenində qeyd edilib.
Sənəddə bildirilir ki, DEA rəhbərinin açıqlamaları əsassızdır və Meksika hökumətinin cinayətkar qruplara qarşı mübarizə sahəsində əldə etdiyi nəticələrlə ziddiyyət təşkil edir.
“Meksika hökuməti tərəfindən açıq şəkildə təqdim olunan və yoxlanılması mümkün olan nəticələr bu iddiaların həqiqəti əks etdirmədiyini göstərir”, - deyə məlumatda vurğulanıb.
Rəsmi qurumlar qeyd ediblər ki, ölkənin milli təhlükəsizlik strategiyası “sıfır cəzasızlıq” prinsipi üzərində qurulub. Bu siyasətin nəticəsi olaraq 80-dən çox hazırkı və sabiq dövlət məmurunun, o cümlədən yeddi bələdiyyə sədrinin saxlanıldığı bildirilib.
Məlumata görə, 2024-cü ilin oktyabrından 2026-cı ilin 30 iyununadək ölkədə təxminən 500 ton narkotik vasitə və 5,5 milyondan çox fentanil həbi müsadirə edilib.
Bundan əlavə, 2024-cü ilin sentyabrından 2026-cı ilin iyununa qədər Meksikada qəsdən törədilən qətllərin orta gündəlik sayı 48 faiz azalıb.
Xatırladaq ki, DEA rəhbəri Terri Koul daha əvvəl narkokartellərlə Meksika hökuməti arasında “ölümcül əlaqələrin” olduğunu iddia etmişdi. Onun sözlərinə görə, kartellər və hakimiyyət strukturları bir-birindən ayrılmazdır və bu məsələ DEA üçün əsas prioritet hesab olunur.