BAKI, 15 iyul. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio və İordaniyanın xarici işlər naziri Ayman əs-Səfadi Vaşinqtonda keçirilən görüşdə ABŞ ilə İran arasında davam edən qarşıdurmanı müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqottun yazılı açıqlamasında bildirilib.
Məlumata görə, iyulun 14-də baş tutan görüşdə tərəflər ikitərəfli münasibətlərlə yanaşı, regional təhlükəsizlik məsələlərini də nəzərdən keçiriblər.
Piqott qeyd edib ki, görüş zamanı İranın region ölkələrinə və gəmilərə qarşı davam edən hücumları müzakirə olunub. ABŞ dövlət katibi bu hücumları, o cümlədən İranın İordaniya ərazisinə endirdiyi zərbələri pisləyib.
“Dövlət katibi İranın qəbuledilməz hücumlarını qınayıb və İordaniyanın regionun təhlükəsizliyinin möhkəmləndirilməsində oynadığı mühüm rola görə xarici işlər nazirinə təşəkkürünü bildirib”, - deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 13-də İordaniyada yerləşən ABŞ hərbi bazasına raket və pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini açıqlamışdı. SEPAH-ın məlumatına görə, hücum nəticəsində sursat anbarları və yanacaq çənləri yanıb.