BAKI, 5 iyul. TELEQRAF

NASA rəhbəri Çinin insanı Aya ABŞ-dən daha tez endirə biləcəyini, lakin Vaşinqtonun uzunmüddətli Ay proqramı həyata keçirməyi planlaşdırdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) rəhbəri Cared Ayzekman CBS telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Çinin taykonavtları Aya enəcək və buna şübhə yoxdur.

"Əsas sual ABŞ-nin onlardan əvvəl Aya qayıdıb-qayıtmayacağı və bunu bu dəfə fərqli şəkildə həyata keçirə biləcəyidir. Biz Ayda baza qurmaq və orada uzunmüddətli mövcudluq yaratmaq istəyirik. Düşünürəm ki, buna nail olacağıq", - deyə Ayzekman bildirib.

NASA rəhbəri əlavə edib ki, hazırda kosmos uğrunda yarış davam edir və Çin bu istiqamətdə çox sürətlə irəliləyir.

Qeyd edək ki, NASA 2032-ci ilədək Ayda yaşayış stansiyası qurmağı planlaşdırır. Agentlik bu missiyalar çərçivəsində gələcəkdə Marsa pilotlu uçuş üçün zəruri texnologiyaları sınaqdan keçirməyi nəzərdə tutur.