BAKI, 9 iyun. TELEQRAF
Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 37 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə "GMA News" telekanalı məlumat yayıb.
Filippinin Mülki Müdafiə İdarəsinin məlumatına görə, təbii fəlakət nəticəsində ümumilikdə 456 nəfər yaralanıb, daha 4 nəfər isə itkin düşmüş hesab olunur.
Yerli hakimiyyət orqanları bildiriblər ki, Mindanao adasında təxminən 1,9 min bina zədələnib. Onların arasında məktəblər, xəstəxanalar və yaşayış evləri də var. Təxminən 1,5 min tikili isə tamamilə dağılıb.
Zəlzələ nəticəsində General Santos şəhərinin beynəlxalq hava limanı da zərər görüb. Buna görə bir sıra aviareyslər ləğv edilib. Filippinin Mülki Aviasiya İdarəsi fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə hərbi, dövlət və humanitar təyinatlı təyyarələrin hava limanından istifadəsinə icazə verib.
General Santos şəhərində fövqəladə vəziyyət elan olunub.
Rusiyanın Filippindəki səfirliyi daha əvvəl TASS-a bildirib ki, diplomatik nümayəndəlik ölkənin aidiyyəti qurumları ilə əlaqə saxlayır və hazırda təbii fəlakət nəticəsində zərər çəkmiş Rusiya vətəndaşları barədə məlumat yoxdur.