BAKI, 8 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında artan gərginliyin Vaşinqtonla Tehran arasında mümkün razılaşmanı təhlükə altına qoya biləcəyindən narahat olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Trampın açıqlamasını "Axios" portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində paylaşıb.
"Biz İranla yekun razılaşmaya çox yaxınıq. Bu, yaxşı bir razılaşma olacaq. İstəmirəm ki, hazırda baş verənlər buna mane olsun", - ABŞ prezidenti deyib.
Donald Tramp həmçinin İranın son raket hücumu nəticəsində xəsarət alan olmadığını bildirib.
"Ümid edirəm ki, İsrail cavab verməyəcək. Əgər Bibi (İsrailin Baş naziri Benyamin Netanyahu - red.) cavab versə, son 47 ildə, yaxud son 3 min ildə baş verənlər davam edəcək", - ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İran və İsrail arasında qarşılıqlı hərbi gərginliyin artdığı barədə məlumatlar yayılmışdı. Vaşinqton isə Tehranla mümkün nüvə sazişi üzrə danışıqları davam etdirməyə çalışır.