BAKI, 6 may. TELEQRAF
CNN-in qurucusu Ted Terner 88 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, Ted Terner 19 noyabr 1938-ci ildə ABŞ-nin Ohayo ştatının Sinsinnati şəhərində anadan olub.
O, dünyanın ilk 24 saatlıq xəbər kanalı olan CNN-in (Cable News Network) qurucusu kimi tanınır.
Terner CNN-i 1980-ci ildə təsis edib və bu kanal 24 saat xəbər yayımlayan ilk telekanal olaraq media dünyasında inqilab edib.
Terner 1970-ci illərdə atasının reklam biznesini genişləndirərək "Turner Broadcasting System"i yaradıb və Atlanta şəhərindəki müstəqil UHF stansiyasını alaraq böyük bir media imperiyası qurub.
CNN-dən başqa, TBS (Turner Broadcasting System) və "Turner Entertainment"in də yaradıcısıdır. Həmçinin o, "Atlanta Braves" beysbol komandasının keçmiş sahibidir.
O, Birləşmiş Millətlər Təşkilatına (BMT) 1 milyard dollar ianə edərək "United Nations Foundation"u qurub.
1991-ci ildə "TIME" jurnalı tərəfindən "İlin adamı" seçilib.
Ted Terner ömrünün son illərini Montana ştatındakı bağında keçirib və ətraf mühitin mühafizəsi, eləcə də nüvə təhlükəsizliyi məsələləri ilə məşğul olub.