BAKI, 6 may. TELEQRAF

İran tərəfi Birləşmiş Ərəb Əmirlikləri ərazisindən Tehrana qarşı hər hansı təxribat baş verəcəyi təqdirdə sarsıdıcı cavab veriləcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı”nın rəsmi nümayəndəsi İbrahim Zolfəqari açıqlama verib.

Onun sözlərinə görə, BƏƏ ərazisindən İranın adaları, limanları və sahil zonalarına qarşı hər hansı addım atılarsa, buna peşman edəcək sərt reaksiya göstəriləcək. O, həmçinin BƏƏ rəhbərliyini ölkəni “amerikalılar və sionistlərin yuvasına çevirməməyə” çağırıb.

Məlumata görə, daha əvvəl BƏƏ Müdafiə Nazirliyi İran istiqamətindən buraxıldığı bildirilən dörd qanadlı raketin qeydə alındığını açıqlayıb. Raketlərdən üçünün zərərsizləşdirildiyi, birinin isə dənizə düşdüyü qeyd olunub.

Bundan əlavə, Füceyrədə yerləşən neft sənayesi kompleksində pilotsuz uçuş aparatının hücumu nəticəsində yanğın baş verdiyi və Hindistan vətəndaşı olan üç nəfərin xəsarət aldığı bildirilib.

Qeyd edək ki, İran Dövlət Teleradio Şirkəti (IRIB) isə yüksək vəzifəli hərbi mənbəyə istinadla İranın BƏƏ-də obyektlərə hücum planının olmadığını açıqlayıb. İran Silahlı Qüvvələri də son günlər bu istiqamətdə raket və pilotsuz aparatlarla hər hansı əməliyyat aparılmadığını bəyan edib.