BAKI, 5 may. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatı (BMT) kommersiya təchizat yollarının yenidən açılması sayəsində Türkiyə ilə Suriya arasındakı humanitar yardım dəhlizini təxminən 12 illik fəaliyyətdən sonra bağlayıb.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik bildirib.

BMT xəbər portalı onun sözlərini sitat gətirir: "10 ildən çox vaxt keçdikdən, sonra BMT sərhəd keçidlərini kommersiya nəqliyyatı üçün açdıqdan və müntəzəm təchizat marşrutlarına çıxışı yaxşılaşdırdıqdan sonra Türkiyə ilə Suriya arasındakı sərhədyanı humanitar əməliyyata son qoydu".

Dujarrik əlavə edib ki, fəaliyyəti müddətində Suriyaya humanitar yardım daşıyan 65 mindən çox yük maşını dəhlizdən keçib və ildə orta hesabla 1,2 milyondan çox insana çatıb. O, marşrutu ən böyük və ən mürəkkəb humanitar təchizat zəncirlərindən biri adlandırıb.

Türkiyə ilə Suriya arasındakı humanitar dəhliz 2014-cü ilin iyul ayında regiondakı qeyri-sabit təhlükəsizlik vəziyyəti və infrastrukturun dağılması fonunda təcili tədbir olaraq açılıb. Portal qeyd edir ki, onun bağlanması ticarət münasibətlərinin normallaşdırılması istiqamətində "müsbət bir dəyişiklik" deməkdir.