BAKI, 5 may. TELEQRAF
Çinin Hunan vilayətində yerləşən pirotexnika zavodunda baş verən partlayış nəticəsində azı 21 nəfər həyatını itirib, 61 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, hadisə vilayətin paytaxtı Çanşa şəhərində yerli vaxtla saat 16:40 radələrində qeydə alınıb.
Məlumata görə, hadisə yerinə yüzlərlə yanğınsöndürən, xilasedici və tibb işçisi cəlb olunub.
Bildirilir ki, partlayış Huasheng Pirotexnika İstehsalı və Nümayiş Şirkətinə məxsus müəssisədə baş verib.
Çin Xalq Respublikasının sədri Si Cinpin hadisənin səbəblərinin operativ araşdırılmasını və məsul şəxslərin cəzalandırılmasını tapşırıb.
Qeyd edək ki, Çin dünyada pirotexnika ixracında lider ölkələrdən biridir və qlobal satışların böyük hissəsini təmin edir.