BAKI, 5 may. TELEQRAF

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu Dairə Seçki Komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrlik etdiyi prosesdə məhkəmə istintaqının yenilənməsi ilə bağlı qərar qəbul edilib.

Bunun səbəbi iş materiallarında bəzi sənədlərdə qaranlıq məqamların qalması ilə izah olunub. Hakim təklif edib ki, bu halları araşdırmağa ehtiyac var.

Məhkəmə istintaqının təzələnməsi və həmin sənədlərin araşdırılması ilə bağlı qərar qəbul olunub. Daha sonra işdə olan həmin sənədlər tədqiq edilib. Məlum olub ki, təqsirləndirilən şəxslər həbsdən buraxılandan sonra onların barəsində müvafiq qətimkan tədbiri seçilib. Qətimkan tədbirinin seçilməsi ilə iltizama imza atılması sənədləri arasında tarix fərqi aşkarlanıb.

Müdafiə tərəfi bu faktın araşdırılmasını xahiş edib. Dövlət ittihamçısı Tural Yaqubov bu halın texniki səhv olduğunu deyib, istintaq təcridxanasına sorğu göndərilməsini istəyib.

Vəkillərdən biri müstəntiqin əlavə şahid qismində dindirilməsi ilə bağlı vəsatət qaldırıb. Hakimlər müvafiq sorğu göndərilməsi, həmin müstəntiqin dindirilməsi barədə qərar qəbul ediblər.

Növbəti proses mayın 12-də davam edəcək.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror hər üç təqsirləndirilən şəxsin 12 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror çıxışında təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğvini və məhkəmə zalından həbs edilməsini təklif edib.

İstintaq sənədlərinə görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub. Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırım, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb, daha sonra isə barələrində “başqa yerə getməmək” haqda qətimkan tədbiri seçilib.

Onların əməlindən ziyan çəkən iş adamı Piriyev Qurban Zeynəddin oğludur. Qurban əvvəllər dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu aldadan şəxslərlə tanış edən isə Balakən rayon sakini Hürü Əmiraslanovadır.

Hürü Əmiraslanova özü də bu işə görə cinayət məsuliyyyətinə cəlb edilib. Amma istintaqın gedişində vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımdır. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırım qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib.

Rasim İldırım Zaur Mirzəzadəni isə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.

İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımın adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.

Sonradan aldandığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırım, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.

Qeyd edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.

Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir. O, 2 il əvvəl elə dələduzluq ittihamı ilə məhkum edilmişdi. Bir müddət sonra ona bəraət verilsə də, sonradan bəraəti ləğv edilərək cinayət işinə xitam verilib.