BAKI, 5 may. TELEQRAF
İranın dövlət televiziya və radio şirkəti IRIB Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində neft zonasındakı yanğının arxasında ABŞ hərbçilərinin dayandığını iddia edib.
Teleqraf xəbər verir ki, məlumat İran hərbi mənbəsinə əsaslanır.
Bildirilir ki, baş verən hadisə ABŞ hərbçilərinin “avantürist addımları”nın nəticəsidir və onların məqsədi Hörmüz boğazı vasitəsilə gəmilərin keçidi üçün şərait yaratmaq olub. Məlumatda qeyd edilir ki, baş verənlərə görə məsuliyyəti məhz ABŞ tərəfi daşımalıdır.
Qeyd edək ki, daha əvvəl BƏƏ-nin Fuceyra şəhərində yerləşən neft sənayesi kompleksinə pilotsuz uçuş aparatı ilə hücumdan sonra yanğın baş verdiyi bildirilmişdi. Hadisə nəticəsində Hindistan vətəndaşı olan üç nəfər xəsarət alıb.
Eyni zamanda, İranın yüksək rütbəli hərbi rəsmisi Tehranın BƏƏ-dəki obyektlərə hücum planının olmadığını bəyan edib.