BAKI, 5 may. TELEQRAF

Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Məlumat üçün bildirək ki, 1963-cü il təvəllüdlü Nurəli Yusifbəyli 1980-cı ildə Kiyev Politexnik İnstitutunun Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin institutu “Elektrik Sistemlərinin Kibernetikası” ixtisası üzrə bitirib.

2002–2009-cu illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə “Azərenerji” ASC “Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu”nun direktoru vəzifələrini icra edib.

2005-ci ildə “Əməkdar Mühəndis” fəxri adına, 2014-cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

2021-ci ilin yanvar ayından indiyə qədər Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.

Ailəlidir, iki övladı var.