BAKI, 5 may. TELEQRAF

Böyük Britaniyanın baş naziri Kir Starmer aşağı reytinqi və “toksik imici” səbəbindən hakim Leyborist Partiyasının seçki kampaniyasından kənarlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Məlumata görə, partiya daxilində Starmerə qarşı ciddi narazılıq mövcuddur və bəzi üzvlər onun seçicilər arasında mənfi təsir yaratdığını düşünür. Nəşr yazır ki, baş nazirə qarşı “dərin nifrət” hissi formalaşıb və bu, müxtəlif sosial qrupları əhatə edir.

Bildirilir ki, mayın 7-də Böyük Britaniyada yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Proqnozlara əsasən, Leyborist Partiyası İngiltərədə yerli şuralarda 2 minədək mandat itirə və ilk dəfə Uels parlamenti üzərində nəzarəti itirə bilər.

Qəzetin yazdığına görə, son iki ayda Starmer cəmi 11 seçki tədbirində iştirak edib. Müqayisə üçün, Mühafizəkarlar Partiyasının lideri Kemi Beydnoç 41, “Reform UK” partiyasının rəhbəri Naycel Faraj isə 71 seçki səfəri həyata keçirib.

Eyni zamanda, sorğular göstərir ki, seçicilərin 74 faizi Starmerin fəaliyyətindən narazıdır, yalnız 18 faizi isə onun işini müsbət qiymətləndirir.

Qeyd olunur ki, seçkilərdə ağır məğlubiyyət olacağı təqdirdə, Leyborist Partiyasından olan bir sıra deputatlar baş nazirin istefasını tələb edən açıq məktubla çıxış edə bilər.